Kamanın göz yaşları



Azərbaycanı necə illərdir ki, Amerikada və bir çox ölkələrdə təmsil edən gəncimizə xüsusi diqqət ayrılmalıdır. Sənətini sevən barmaqla sayılacaq qədərdir. Onun hər ifası kamanın göz yaşlarını insan ürəyinə mirvaritək süzdürür. Sanki o, əlindəki sehrli çubuqla kamanın gözlərini ovuşdurur və kaman durmadan, usanmadan ağlayır və ağladır. Bu göz yaşları qəlbə qəribə bir aydınlıq və rahatlıq gətirir. Onun kamanının səsindən gələn rahatlıq işığı sanki səni yaşadığın səs-küylü dünyadan tərki-dünya edir. İnsanı göylərə qaldırır və hiss edirsən ki, artıq sənin ayaqların yerdən üzülüb və sən uçursan. Bu ürəyin səsi insanı sahilsiz ümmanlara səyahətə aparır. Aparır və geri qaytarmır. Sanki o, kamanın simlərində yox, insan ürəyinin simlərində çalır. Onun sehrli barmaqlarının kamana ilk toxunuşu qarşısındakı hər bir dinləyicinin ürəyinə gözə görünməz bir körpü atır. Özü də qırılmaz bir körpü. İnsan özü də hiss etmədən bu körpünün məcrasına düşür. Bu barmaqların, bu ürəyin kamana toxunuşu elə təsirli olur ki, insan özünü qəribə bir nur içində görür.


İmamyar Həsənov Azərbaycanın Amerikada yaşayan bir zərrəsi, bir parçasıdır. O zərrə ki, Azərbaycana Amerikadan boylanan bir Günəş kimi görünür. O Günəş ki, öz ürəyində daşıdığı milli musiqi toxumlarını əcnəbilərin də ürəyinə əkir. Onu dinləyən hər bir əcnəbinin üzü Azərbaycan musiqi məbədinə, qibləsinə doğru dönür. Özü də birdəfəlik dönür. Kamanı hər kəs ürək tərəfində çalır. Amma hər ifaçıya onu dərin məhəbbətlə sevib, öz ürəyinə döndərmək nəsib olmur. Zənnimcə, “kaman”, “ürək” və “nəfəs” anlayışı İmamyar Həsənov üçün eyni mənanı daşıyır. Bu üçbucağın başında elə “kaman” dayanır. Kamanla daim birgə addımlayan bu sənət fədaisi öz kamanının səs okeanına baş vuraraq, onun dərinliklərindən elə incilər tapıb çıxartdı ki, biz nə qədər zəngin bir musiqi mədəniyyətinə sahib olduğumuza hər dəfə şahidlik edirik.


Azərbaycan milli musiqisinə öz ürəyi ilə rəng qatan soydaşımız onu dinləyən hər bir azərbaycanlının qəlbində fəxarət hissi oyadır. Hələ gənc yaşlarından tarixi missiya daşıyıcısına çevrilən İmamyar Həsənov hazırda Amerikanın musiqi arenasında Azərbaycanı layiqli şəkildə təmsil edir. O, bir çox ölkələrin musiqi mədəniyyətlərini dərindən öyrənib onları cilovlayaraq sintezləşdirir. Metaforik olaraq demək olar ki, İmamyar Həsənov mədəniyyət körpülərinin əsas bəndi kimi çıxış edərək, “5 element”in mərkəzində dayanaraq böyük əhəmiyyət daşıyan bir insan qüvvəsidir. Elə bir insan qüvvəsi ki, min, bəlkə də milyon insan qüvvəsinə bərabərdir.


Danışan kamandır, dinən ürəkdir.

Sinəmdə döyünən xatirələrdir.

Ey kaman, xoş sədan mənə gərəkdir.

Bilsən, bəxş etdiyin nələr-nələrdir,

Danış, qoy dinləyim səsinə qurban,

Danış, qoy dinlənsin ürəyim mənim.


Əziz dostlar! Sosial şəbəkələrdə İmamyar Həsənovun adına daxil olub möcüzəvi ifalarına sizdə qulaq asa bilərsiniz.


Nərgiz Kərimova

musiqişünas


*source